İDMAN
AKROBATLAR AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycanın idman akrobatikası üzrə yığma komandası böyüklər və yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcəkdir. Qitə birinciliyi noyabrın 6-9-da Polşanın Zelena Qura şəhərində keçiriləcəkdir. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, milli yığma komandamız yarışların üç növündə çıxış edəcəkdir. Kişilərin dördlüyündə ölkəmizin şərəfini Elşən Seyfullayev, Nemət Ağayev, Elnur Məmmədov və Rəşad Sadıqov, kişilərin qoşa yarışlarında isə Rəzzaq Babayev və Əlibəy Hüseynov qoruyacaqlar. Yeniyetmələr arasında qarışıq cütlükdə Arif Cəfərov və Çinarə Hümbətova çıxış edəcəklər.
Akrobatlarımız Avropa çempionatı ərəfəsində Bakıda idman akrobatikası üzrə Azərbaycan yığma komandasının məşqçiləri Əvəz Abbasov və Nizami Babayevin rəhbərliyi ilə son məşqləri keçirmişlər.
Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov kişi dördlüyünün çempionatda qızıl medal alacağına, digər idmançılarımızın isə mükafata layiq yerlər tutacaqlarına ümid bəslədiklərini bildirmişdir.