İQTİSADİYYAT
“AKSESUAR İNŞAAT”IN BAKI ÜNVANI
Nərimanov rayonunda “Aksesuar inşaat” Türkiyə şirkətinə məxsus yeni mağazanın açılışı olmuşdur. Şirkətin 1996-cı ildə açılmış birinci mağazası göstərilən xidmətlərin və satılan malların yüksək keyfiyyətinə görə alıcıların rəğbətini qazanmış və şirkətin rəhbərliyi yeni mağazanın açılmasını qərara almışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov, İqtisadi İnkişaf Nazirliyinin,
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, TUSİAB - Türk İş Adamları Birliyinin və “Aksesuar inşaat” şirkətinin rəhbərləri, Türkiyədən gəlmiş qonaqlar iştirak etmişlər.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan siyasi-iqtisadi xəttin respublikada bütün sahələrin inkişafına, yeni müəssisələrin açılmasına təkan verdiyini qeyd etmişlər.
Mağazadakı Avropada və Türkiyədə tanınmış şirkətlər tərəfindən hazırlanmış inşaat materialları satılır.