DÜNYA


AK: Kataloniyada birbaşa idarəetmənin tətbiqi Madridin konstitusiya hüququdur

Bakı, 23 oktyabr, AZƏRTAC

Avropa Komissiyası Kataloniya böhranının həlli istiqamətində İspaniya hökumətinin konstitusiya tədbirlərini tam dəstəkləyir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə oktyabrın 23-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas jurnalistlərin Kataloniyada keçirilən referenduma Madridin cavabı, xüsusən konstitusiyanın 155-ci maddəsinin işə salınması barədə suallarını cavablandırarkən bildirib.

“Oktyabrın 2-dən bəri Avropa Komissiyasının mövqeyi dəyişməyib. AK-nin başçısı Jan Klod Yunker bunu dəfələrlə qeyd edib. Biz İspaniyada konstitusiya və hüquq qaydalarını dəstəkləyirik və sözü gedən tədbirlər konstitusiya kontekstinə tam uyğun gəlir”, - deyə Sxinas deyib.

Kataloniya mövzusu Avropa İttifaqının oktyabrın 19-20-də keçirilən samitində qeyri-formal rejimdə müzakirə olunub. Bu məsələ sammitin yekun bəyanatına daxil edilməsə də, Aİ ölkələrinin liderləri və institut rəhbərləri onu yekdil olaraq İspaniyanın daxili işi adlandırıblar.

Xatırladaq ki, İspaniya hökuməti oktyabrın 21-də keçirilən fövqəladə iclasda Kataloniya muxtariyyəti barəsində ölkə konstitusiyasının 155-ci maddəsini işə salmaq qərarına gəlib. Hökumət Kataloniya rəhbərliyini və Jeneralitetin başçısı Karles Puçdemonu hakimiyyətdən uzaqlaşdırmağı, muxtariyyətə isə yeni seçkilər keçirilənə qədər Madrid tərəfindən təyin olunan nümayəndənin rəhbərlik etməsini təklif edib.

Təklifin qüvvəyə minməsi üçün İspaniya senatı oktyabrın 27-də keçirilməsi nəzərdə tutulan sessiyasında hökumətinin qərarını təsdiqləməlidir.

Karles Puçdemon isə öz növbəsində Madridin qərarını Kataloniyanın “alçaldılması” və demokratiyaya hücum adlandırıb, kral VI Felipeni bu aqressiv addımları dəstəkləməkdə təqsirləndirib və gələcək fəaliyyətlər barədə qərar qəbul etmək üçün Kataloniya parlamentinin iclasını çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.