İQTİSADİYYAT
A.Karavayev: Rusiya-Azərbaycan yol xəritələri tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün modul tiplidir
Moskva, 9 dekabr, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında əlaqələr iqtisadi kontekstdə yol xəritələri şəklində formalaşıb. Moskvanın nöqteyi-nəzərindən bu yol xəritələri təkcə Azərbaycanla deyil, bir çox digər tərəfdaşlarla da qarşılıqlı fəaliyyət üçün modul tipli yor xəritələridir. Bu sözləri Moskvada, “Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları” mövzusunda dəyirmi masada politoloq Aleksandr Karavayev səsləndirib. O bildirib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib. Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. O, bu kontekstdə “Yeni İpək Yolu” layihəsinin rolunu xatırladaraq deyib: “Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində əks olunur”. A.Karavayev vurğulayıb ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir.
Politoloq xatırladıb ki, elə bu gün Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir. Komissiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri zamanı müzakirə edilən istiqamətləri müəyyən etməlidir.
A.Karavayevin fikrincə, kənd təsərrüfatı maşınqayırması iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. O deyib: “Məsələn, rusiyalı istehsalçılar Azərbaycanda yığma müəssisələri aça, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələri inkişaf etdirə bilərlər. Münasibətlərin gələcək inkişafına təkan verə biləcək daha bir istiqamət elektroenergetika ola bilər. Bu, Azərbaycanda metallurgiya sahəsini bərpa etməyə imkan verərdi”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva