SİYASƏT
ƏLABBAS QƏDİROVUN CIXIŞI:
- Bu gün buraya görün nə qədər sənətkarlar toplaşıbdır. Onların hamısını heç də həmişə bir yerə yığmaq mümkün deyildir. Mənə belə gəlir ki, buraya, bu toplantıya bizim sənətkarları ancaq məhəbbət və istək gətirə bilər. Ölkəsini, xalqını sevən, ömrünü onun yolunda şam kimi əridən bir insana - bizim Prezidentimizə, möhtərəm Heydər Əliyevə olan məhəbbət gətirə bilər. Çox şadam ki, mən də bu gün burada bizim böyük sənətkarlarla birlikdəyəm. Bu günlərdə yaradılmış “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulmaqla biz də öz iradəmizi ifadə edəcəyik.
Bilirsiniz ki, Vətəni sevmək, xalqı sevmək təkcə sözdə olmamalıdır. Gərək Vətən naminə iş görməyi bacarasan, bu yolda bütün qüvvəni, gücünü qoyasan. Bu baxımdan mən bilirəm və yəqin siz də məni təsdiqləyərsiniz ki, möhtərəm Prezidentimiz cənab Heydər Əliyev Vətənini, xalqını ürəkdən sevən bir insandır, dövlətimizin, xalqımızın qarantıdır.
Bilirsiniz ki, oktyabrın 15-də ölkəmizdə növbəti prezident seçkiləri olacaqdır. Bu seçkilərə indi geniş hazırlıq gedir. İctimaiyyətin, cəmiyyətin içərisindən təşəbbüs qrupları yaranıbdır. Onlar möhtərəm Heydər Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinə tərəfdardırlar, onun namizədliyini irəli sürüblər. Zənnimcə, buraya mədəniyyət işçiləri, dostlarımız o niyyətlə toplaşıblar ki, oktyabrın 15-də keçiriləcək seçkilərdə möhtərəm Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərini ifadə etsinlər. Burada qeyd edildi ki, gənclərimizin lideri olan İlham Əliyevin də prezidentliyə namizədliyi irəli sürülmüşdür. Biz onu da ürəkdən dəstəkləyəcəyik.
Tam məsuliyyətim və qətiyyətimlə deyirəm ki, dünyada az-az təsadüf edilən, barmaqla sayılan şəxsiyyətlərdən biri olan dövlətimizin başçısı Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan İlham Əliyev də ölkəmizə rəhbərlik etməyə hazırdır. Biz qarşıdakı seçkilərdə cənab Prezidentlə bərabər İlham Əliyevi də dəstəkləyəcəyik.