ƏLƏKEÇMƏZ KARACİÇ YENƏ DƏ ARADAN ÇIXDI
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, beynəlxalq sülhyaratma qüvvələrinin Bosniya serblərinin sabiq lideri Radovan Karaciçi tutmaq üçün apardığı əməliyyat yenidən uğursuzluqla qurtarmışdır. Sülhyaratma qüvvələri Pale şəhərinin mərkəzi hissəsini mühasirəyə almış, vertolyotlar şəhərin ərazisinə və həndəvərinə nəzarət etmişdir. Əməliyyat zamanı iki dinc sakin yaralanmışdır.
Xatırladaq ki, yanvarda NATO qoşunları Karaciçin tibbi yardım üçün doğma şəhərinə qayıtdığı barədə məlumat alan kimi, Paledə irimiqyaslı əməliyyat aparmışdır. Amma onu “gördüm” deyən olmamışdır. Karaciçin əvvəlkitək Paledə yaşayan arvadı demişdir ki, artıq dörd ildir ərini görməyib və harada olduğunu da bilmir.
Hərbi cinayətkar elan olunan R.Karaciç keçmiş Yuqoslaviyada hərbi cinayətlər üzrə BMT Beynəlxalq tribunalı tərəfindən səkkiz ildir axtarılır. O, Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsi zamanı müsəlman əhalinin kütləvi surətdə qırılmasında təqsirləndirilir. Onu tutana 5 milyon dollar veriləcəyi vəd edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var