RƏSMİ XRONİKA


ƏLAQƏLƏR DAVAM ETDİRİLMƏLİDİR

Yanvarın 28-də Heydər Əliyev Tatarıstan Prezidenti Mintimer Şaymiyevi qəbul etdi. M.Şaymiyev dedi ki, Azərbaycanın çətin vəziyyətə düşdüyünü, mürəkkəb problemlərlə qarşılaşdığını Tatarıstanda bilirlər. Heydər Əliyev qeyd etdi ki, vəziyyət həqiqətən çətindir, çünki ərazimizin 20 faizi işğal edilib. Həmin torpaqlardan bir milyondan artıq adam öz ev-eşiyindən didərgin düşüb və qaçqın vəziyyətindədir. Üstəlik, Çeçenistan hadisələri ilə əlaqədar olaraq bütün yollarımızı kəsiblər. Bundan əvvəl isə şimaldan gələn dəmir yolu altı ay işləməmişdir. Yeganə əlaqə vasitəmiz dəniz və Gürcüstan ərazisindən keçən dəmir yoludur. Gürcüstanda isə vəziyyət bəllidir.

Azərbaycan rəhbəri qeyd etdi ki, səkkiz aydan bəri cəbhədə atəş dayandırılıb. ATƏT-in iyirmi illik tarixi ərzində ilk dəfə biz ona nail olmuşuq ki, ərazimizdə gedən müharibənin dayandırılmasında, işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı birləşmələrinin çıxarılmasında bizə kömək üçün bu beynəlxalq təşkilat öz sülhyaratma qüvvələrini təşkil edir.

Heydər Əliyev son illər respublikamızda baş vermiş hadisələr, o cümlədən bəzi qüvvələrin dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri barədə də danışdı.

O sözünə davam edərək dedi: Çox şadam ki, Tatarıstan bir çox məsələləri artıq müstəqil surətdə həll edir. Mən Tatarıstanı yaxşı tanıyıram, respublikanızda olmuşam. Orada necə səmimi qarşılandığımı və keçirdiyim görüşləri, söhbətləri minnətdarlıqla xatırlayıram. Yeri gəlmişkən, Azərbaycanla Tatarıstan arasında çox qədimdən tarixi əlaqələr olmuşdur. Biz bu ənənələri davam etdirməliyik.

Heydər Əliyev bu yaxınlarda Tatarıstan Prezidentinə məktub göndərib onu Azərbaycana səfərə dəvət etdiyini və Volqa çayından istifadə edərək respublikalarımız arasında birbaşa ticarət-iqtisadi əlaqələri genişləndirmək üçün çox böyük imkanlar olduğunu, Azərbaycanın xarici şirkətlərlə neft müqaviləsi imzaladığını xatırlatdı.

M.Şaymiyev dedi: Bildiyiniz kimi, müqavilənin ətrafında çox hay-küy qaldırılmışdı. Adamlar tez-tez mənə müraciət edir, mövqeyimlə maraqlanırdılar. Biz bu müqaviləni ilk gündən müdafiə etdik.

Tatarıstan Prezidenti xalqlarımız arasında dostluqdan da danışdı və qeyd etdi ki, Kazanda keçirilmiş Azərbaycan mədəniyyəti günlərini orada indiyədək unutmayıblar.

M.Şaymiyev ona göndərilən dəvət üçün təşəkkürünü bildirdi və bu gün Heydər Əliyev ilə şəxsən görüşdüyünə görə çox şad olduğunu vurğuladı. O dedi: Fürsətdən istifadə edib bildirirəm ki, biz Azərbaycana mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti göndərəcəyik. Qoy, musiqi, incəsənət adamlarda gözəl ovqat yaratsın. H.Əliyev onun fikrini bəyənərək dedi ki, bu, diqqətəlayiq tədbirdir. Biz də Tatarıstana teatr kollektivi, ansambl və orkestrlər göndərərik. Axı, xalqlarımızın mədəniyyəti çox zəngindir və bir-birinə olduqca yaxındır. Bir sözlə, biz istər mədəniyyət və incəsənət sahəsində, istərsə də iqtisadiyyat sahəsində fəal əməkdaşlıq edə bilərik. Sizin neftinizdən istifadə etmək barədə konkret razılığa da gələ bilərik.

Sonra ölkələrimiz arasında neft-kimya məhsulları istehsalı sahəsində əməkdaşlıq, neftayırma və neft maşınqayırma müəssisələrinin gücündən səmərəli istifadə edilməsi barədə söhbət açıldı, M.Şaymiyev dedi ki, bu barədə müvafiq saziş hazırlanması və bir sıra digər məsələlərin nəzərdən keçirilməsi üçün Azərbaycana əməli qrup göndərəcəkdir.

Görüş dostluq və mehribanlıq şəraitində keçdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin