ƏLCƏZAİR NEFT VƏ QAZ İXRACINDAN REKORD MƏBLƏĞDƏ GƏLİR GÖTÜRMÜŞDÜR
AzerTAg.az
AZƏRTAC-ın ərəb informasiya mənbələrindən aldığı xəbərə görə, cari ildə Əlcəzair neft və qaz ixracından rekord məbləğdə - 24 milyard dollar gəlir götürmüşdür ki, bu da ötən ildəkindən 30 faiz çoxdur. Bunu Əlcəzairin energetika və şaxtalar naziri Şəkib Xəlil neft və qaz hasilatı sahəsində beş iri müqavilə imzalanması mərasimində bildirmişdir.
Nazirin dediyinə görə, neft ixracından gəlirin artması, ilk növbədə, dünyada, xüsusən İraqda vəziyyətin sabit olmaması və OPEK-in qiymət siyasəti ilə bağlıdır.
Bazar ertəsi Əlcəzair paytaxtında imzalanmış müqavilələrin ümumi məbləği 90 milyon dollardır. Əlcəzairin yeni neft və qaz yataqlarının işlənilməsində onunla Çin, Kanada, İspaniya, Fransa, Almaniya və İtaliya şirkətlərinin daxil olduqları beynəlxalq konsorsiumlar tərəfdaşlıq edəcəklər.
Hazırda Əlcəzair ildə 70 milyon tondan çox neft çıxarır və bu sahədə Afrikada yalnız Nigeriyadan geri qalır. Qaz hasilatına gəldikdə, Əlcəzair Rusiya və Norveçlə birlikdə Avropa Birliyi ölkələrinə ən çox “mavi yanacaq” göndərən üçlüyə daxildir.
Xəbərin mətnində orfoqrafik səhv var