SİYASƏT
ƏLİLLƏR ONLARA GÖSTƏRİLƏN QAYĞIYA GÖRƏ PREZİDENT HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARDIRLAR
BU FİKİR GƏNCƏDƏ ORTOPEDİK-BƏRPA MÜƏSSİSƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ DƏFƏLƏRLƏ SƏSLƏNMİŞDİR
Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial yönümlü islahatlar əhalinin, xüsusən də aztəminatlı təbəqənin, o cümlədən əlillərin rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır. Bu imkanlardan səmərəli istifadə edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illər respublikada əlillərin problemlərinin həlli, onlar üçün yeni yaşayış binalarının, fərdi evlərin tikilib istifadəyə verilməsi, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə pulsuz “OKA” avtomobillərinin paylanması, protez-ortopedik məmulatla və digər reabilitasiya vasitələri ilə təmin edilməsi istiqamətində bir sıra faydalı tədbirlər həyata keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 15-də respublika Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərində filialının istifadəyə verilməsi də belə tədbirlərdən biridir. Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev filialın açılış mərasimində çıxış edərək bildirmişdir ki, Azərbaycanda protez-ortopediya xidmətinin yüksək səviyyədə təşkili də xalqımızın tarixi taleyində əvəzsiz xidmətləri olan Heydər Əlirza oğlunun adı və fəaliyyəti ilə bağlıdır. Prezident Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra respublikamızın həyatının bütün sahələrində canlanma və tərəqqi başlandı. Bu tərəqqi qısa müddətdə sosial müdafiə, o cümlədən protezləşmə sahəsində də öz əksini tapdı. Belə ki, 1973-cü ildə Bakıda protez zavodu, 1983-cü ildə 75 çarpayılıq protezləşdirmə xəstəxanası tikilib istifadəyə verildi.
Nazir qeyd etdi ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əlirza oğlunun şəxsi təşəbbüsü ilə hökumət 1987-ci ilin əvvəllərində Bakıda Zaqafqaziya respublikalarının əhalisinə xidmət göstərilməsini nəzərdə tutan müasir protez-ortopedik mərkəzin tikilməsi haqqında qərar qəbul etdi. Bu qərara əsasən, Protez-Ortopedik Bərpa Mərkəzinin yeni istehsalat korpusu və 60 çarpayılıq stasionarı istifadəyə verildi. Həmin mərkəzin bu gün açılışına toplaşdığımız filialı da dövlətimizin başçısının əlillərin reablitasiyasının yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətin məntiqi davamıdır.
Filialın tikintisinə 942 milyon manat vəsait xərclənmişdir ki, bunun da 242 milyon manatını Beynəlxalq Qırmızı Xaç Komitəsi təmənnasız yardım kimi vermişdir. Min kvadratmetr ərazini əhatə edən bu filialda əlillərə həm ambulator xidməti, həm də stasionar xidmət göstəriləcəkdir. Filialda protezləşdirmə vasitələri istehsal edən 200 min dollarlıq avadanlıq quraşdırılmışdır. Bu məbləği də Beynəlxalq Qırmızı Xaç Komitəsi ödəmişdir. Yumşaq və bərk inventarları, tibb avadanlığını isə nazirlik öz hesabına almışdır.
Azərbaycana bu sahədə yardım göstərməkdən məmnun qaldıqlarını bildirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin başçısı Floran Kornaz bu filialın ildə 500 protez və ortez hazırlanması üçün material və xammalla təchiz edilməsini öz öhdələrinə götürdüklərini bildirmişdir.
Mərasimdə çıxış edən digər natiqlər təqribən 5 ay müddətində tikilib istifadəyə verilən filial üçün Gəncə şəhərinin seçilməsinin təsadüfi olmadığını qeyd etmişlər. Bildirilmişdir ki, Gəncə respublikanın qərb bölgəsinin bir növ mərkəzidir. Bu bölgədə yaşayan, taleyin açı qisməti ilə və müharibə zamanı əlil olmuş insanlara protez-ortopedik bərpa xidməti göstərilməsinin böyük əhəmiyyəti var. Təqribən 5 min nəfər insana protez-ortopedik bərpa xidməti göstərəcək filialın istifadəyə verilməsini bölgənin həyatında çox əlamətdar hadisə kimi dəyərləndirən natiqlər bu xeyirxah işə görə Prezident Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Gəncə şəhərində fəaliyyət göstərən əlillər cəmiyyətləri adından Azərbaycan Prezidenti Heydər Əliyevə ünvanlanmış müraciət oxunmuşdur.