ELM VƏ TƏHSİL
ALİMLƏRİMİZİN FRANSAYA SƏFƏRİ UĞURLU OLMUŞDUR
Nümayəndə heyətinin rəhbəri E.Abdullayev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: TASİS proqramı çərçivəsində TEMPUS-un “Cənubi Qafqazqa kənd təsərrüfatı məhsulları, onların texnologiyası və təhlükəsizliyi üzrə magistrlərin hazırlanması” qrant layihəsi üzərində uzun müddətdir çalışırıq. Səfərimiz də bu layihə ilə bağlı idi. Layihədə birinci tərəf kimi Almaniya, Danimarka və İtaliya ölkələrindən biri olmalıdır. Cənubi Qafqaz bölgəsindən isə Azərbaycan artıq regional mərkəz seçilmiş Gürcüstanın da iştirakı nəzərdə tutulmuşdur. TEMPUS-un tələblərinə görə, layihədə dövlət və özəl universitetləri birgə iştirak etməlidir. Fransa Aqronomiya İnstitutunun nümayəndələri dəfələrlə Azərbaycana gəlmiş, bizim universitetlə yanaşı, BDU-da, Kənd Təsərrüfatı Nazirliyində, Kənd Təsərrüfatı Akademiyasında və bir neçə elmi tədqiqat institutlarında olmuşlar.
Səfərimizin ilk günləri Ren və Nant universitetlərinin, onların nəzdindəki elmi mərkəzlərin işi ilə yaxından tanış olduq. Maraqlıdır ki, bu universitetlərdə uşaq bağçası, orta məktəb, elmi mərkəz və nəhayət akademiya da fəaliyyət göstərir. Elmi mərkəzlər həm də istehsalla məşğuldur. Onlar istehsal etdikləri kənd təsərrüfatı məhsulları ölkənin bazarlarına çıxarılır.
Universitetlərin rəhbərliyi, müəllim və tələbə kollektivi ilə görüşümüzdə, ayrı-ayrı fakültələrin işi ilə tanışlıq zamanı təhsilin problemləri ilə yanaşı, ölkəmiz barədə həqiqətləri də söylədik. Həmin ali məktəblərdə müəllimlərimizin təcrübə keçmələri, tələbələrimizin isə magistraturada təhsillərini davam etdirmələri barədə razılıq əldə etdik. Həmkarlarımız qrant layihəsinin həyata keçirilməsində bizə hərtərəfli kömək göstərməyi vəd etdilər.