İDMAN
ALİYƏ QARAYEVA MİNSK YARIŞLARINDA 4-CÜ YERİ TUTMUŞDUR
Azərbaycan gimnastı Aliyə Qarayeva Minskdə keçirilən Qran-pri yarışlarında 4-cü yeri tutmuşdur. Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Aliyə bu nəticəni iplə hərkətlərdə göstərmişdir. Onun bürünc medal qazanmaq üçün cəmi 0,15 xalı çatmamışdır. A.Qarayeva gürzlə 7-ci, halqa və lentlə isə 8-ci nəticəni göstərmişdir. O, çoxnövçülük yarışlarında minskli Svetlana Rudalovadan və ukraynalı Anna Bessonovadan sonra 6-cı yer tutmuşdur. Medalları isə moskvalılar - Vera Sesina, Olqa Kapranova və minskli İnna Jukova bölüşmüşlər.
Xatırladaq ki, Sesina və Kapranova Olimpiya çempionu Alina Kabayeva ilə birlikdə iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa çempionatında Rusiya komandasını təmsil edəcəklər. Rusiya yığmasının baş məşqçisi İrina Viner demişdir ki, komandanın tərkibi idman prinsipinə və bu ilin yekunlarına müvafiq surətdə formalaşmışdır. Bakıda məhz bu güclü üçlük iştirak edəcəkdir. Onlar yaxın turnirlərdə Avropa çempionatı üçün məxsusi olaraq yeni proqramı sınaqdan keçirəcəklər.
Çempionatqabağı yarışlar gimnastlarımız üçün də vacibdir. Belə ki, Anna Qurbanova mayın 26-27-də Çexiyanın Brno şəhərində növbəti Qran-pri yarışlarında iştirak edəcək, yaşlılardan və yeniyetmələrdən ibarət qrup komandalarımız isə elə həmin günlər müvafiq olaraq Beynəlxalq Gimnastika Federasiyasının himayəsi altında Nijni Novqorodda keçiriləcək Dünya kuboku yarışlarında və beynəlxalq turnirdə iştirak edəcəklər.