SİYASƏT
ƏLİ BAYRAMLIDA AZOT GÜBRƏLƏRİ ZAVODU TİKİLƏCƏK, SUMQAYIT SUPERFOSFAT ZAVODU MODERNLƏŞDİRİLƏCƏK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə respublikamızda azot gübrələri zavodunun tikintisi məsələsi müzakirə olunmuşdur. İrşad Əliyev xatırlatmışdır ki, bir müddət əvvəl nazirlik Ukraynanın azot gübrələri istehsalı ilə məşğul olan müəssisəsinə Əli Bayramlıda müvafiq zavodun tikintisini layihələşdirmək xahişi ilə müraciət etmişdi. Öz növbəsində cənab Lapin bu müraciətimizi Sumı elm-istehsalat birliyinin baş direktoru V.Lukyanenko ilə müzakirə etmiş və razılıq almışdı. İlkin variantda zavodun təxminən 228 milyon ABŞ dollarına başa gələcəyi nəzərdə tutulmuşdur. Respublikamızın maliyyə vəziyyətini nəzərə alaraq daha az vəsait tələb edən digər layihələrin işlənməsini xahiş edirik. Yeri gəlmişkən, şəhərdə lazımi infrakstrukturun mövcudluğu, bəzi konstruksiyaların Azərbaycanda istehsalının mümkünlüyü zavodun tikintisinə çəkiləcək xərcləri xeyli azalda bilər.
İ.Əliyev təklif etmişdir ki, layihəçilər Əli Bayramlı şəhərində olub, şəraiti yerində qiymətləndirsinlər.
E.Lapin Azərbaycanın iqtisadi vəziyyətinə bələd olduğunu bildirmiş və demişdir ki, biz layihəni mütəxəssisləriniz tərəfindən öyrənilmək üçün təqdim etmişik. Azərbaycan hökumətinin gələcəyi nəticə barədə, güman edirəm ki, bizə məlumat verəcəksiniz.
X X X
Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, Ukrayna nümayəndələri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə də görüşmüş, onunla adı çəkilən zavodun tikintisi, Sumqayıt superfosfat zavodunun modernləşdirilməsi məsələlərini müzakirə etmişlər. İrşad Əliyev Severodonetsk Dövlət elmi tədqiqat və kimya texnologiya layihə institutunun tərtib etdiyi “Azərbaycanda azot gübrələri zavodunun yaradılması üzrə qısa təklif” barədə məlumat vermişdir. O, kənd təsərrüfatı məhsullarının istehsalı üçün mineral gübrələrin əhəmiyyətini vurğuladıqdan sonra qeyd etmişdir ki, bu gün torpaq sahiblərinin 968 min ton mineral gübrəyə, o cümlədən 320 min ton azota, 515,5 min ton fosfora, 132,5 min ton kaliuma ehtiyacı var. Təəssüf ki, məhsul istehsalçılarının bu tələbatının yalnız 5,5 faizi ödənilir.
Görüşdə Əli Bayramlı azot gübrələri zavodunun tikilməsi və Sumqayıt superfosfat zavodunun modernləşdirilməsi məqsədəuyğun sayılmış, tərəflərin problem üzərində işləməsi qərara alınmışdır.