SİYASƏT
ƏLİ BAYRAMLIDA YENİ ÇOXMƏRTƏBƏLİ BİNADA MƏNZİL ALAN ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİ BU QAYĞIYA GÖRƏ DÖVLƏTİMİZİN BAŞÇISI HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARLIQ EDİRLƏR
Mayın 17-də Əli Bayramlı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlil və şəhid ailələri üçün tikilmiş 18 mənzilli binanın istifadəyə verilməsi olmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən nazir Əli Nağıyev Prezident Heydər Əlirza oğlunun müdrik, daxili və xarici siyasəti və ölkəmizin beynəlxalq aləmə fəal inteqrasiyası üçün göstərdiyi misilsiz xidmətlər nəticəsində Azərbaycanın dünya birliyində layiqli yer tutduğunu diqqətə çatdırmışdır. Natiq demişdir ki, xalqımız məhz Heydər Əlirza oğlunun hakimiyyətə gəldiyi dövrdən əhalinin aztəminatlı təbəqələrinə göstərilən qayğını yüksək qiymətləndirir. Məhz bu qayğının nəticəsidir ki, son illər həmin qəbildən olan insanların rifahının yaxşılaşdırılması məqsədi ilə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir. Yüzlərlə əlil və şəhid ailəsi üçün ölkənin ayrı-ayrı bölgələrində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilib istifadəyə verilməsi də belə tədbirlərdəndir.
Mərasimdə iştirak edən əlil və şəhid ailələri dövlətimizin başçısının bu qayğısını yüksək dəyərləndirdiklərini, son vaxtlar dağıdıcı müxalifətin çıxışlarını və onların himayə etdikləri qəzetlərdə dərc olunan iyrənc yazıları pislədiklərini, bu il keçiriləcək növbəti prezident seçkilərində Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Tədbirin sonunda yeni binanın sakinləri və əlil ictimai təşkilatları adından Azərbaycan Prezidenti Heydər Əliyevə təbrik məktubu oxundu. Məktubda deyilir:
Hörmətli Prezidentimiz!
Əli Bayramlı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlil və şəhid ailələri üçün inşa olunmuş 18 mənzilli binanın sakinləri və əlil ictimai təşkilatları adından Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizin respublika əhalisinə, xüsusilə aztəminatlı təbəqələrə, əlil və şəhid ailələrinə qayğınızın nəticəsi olaraq, son illər onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və səmərəli dövlət tədbirləri həyata keçirilir. Bu tədbirlər sırasında isə əlil və şəhid ailələri üçün ölkənin ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən çoxmərtəbəli və fərdi evlərin tikilib istifadəyə verilməsi mühüm yer tutur. Bu gün istifadəyə verilən yeni çoxmərtəbəli bina bir daha belə deməyə əsas verir ki, Sizin rəhbərliyiniz ilə respublika hökuməti problemlərin aradan qaldırılması üçün faydalı işlər görür və görəcəkdir.
Əziz Prezidentimiz!
Ölkə ictimaiyyətinin layiqincə dəyərləndirdiyi belə tədbirlər xalqımızın və onun bir hissəsi olan əlil insanların dövlətimizin müdrik rəhbərinə olan inam hissini daha da artırır. Biz əlillər məhz belə bir inam hissi ilə bu il keçiriləcək növbəti prezident seçkilərinə qatılacaq, Sizin – sevimli liderimizin namizədliyini dəstəkləyəcəyik.
Təbrik məktubunu 20 nəfər imzalamışdır.