MƏDƏNİYYƏT
ƏLİ HAQVERDİYEVİN ANADAN OLMASININ 70 İLLİYİ QEYD OLUNACAQDIR
Bakı, 15yanvar (AZƏRTAC). Yanvarın 18-də Teatr Xadimləri İttifaqında əməkdar artist Əli Haqverdiyevin anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçiriləcəkdir.
Əli Haqverdiyev Bakıda, Azərbaycanın görkəmli rəssamları Həsən Haqvediyevin və Güllü Mustafayevanın ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından yaradıcılıq mühitində böyüyən Əli rəssamlıq sənətinə böyük həvəs göstərmişdir. Bu həvəs onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin qrafika şöbəsinə gətirib çıxarmışdır.
Bir neçə il sonra təsadüfən onun səsini eşidən mütəxəssislər gəncin vocal imkanlarını yüksək qiymətləndirmiş və Əli Haqverdiyev 1961-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuşdur. Əvvəlcə SSRİ xalq artisti, professor Şövkət Məmmədovadan, sonra isə V.Tartakovdan dərs almışdır. Həmin vaxt Azərbaycan Opera və Balet Teatrına rəhbərlik edən böyük diriyor və bəstəkar Niyazi Əliyə qulaq asıb onu teatra dəvət edir. Güclü səs sahibi olan gənc vokalçı burada çalışdığı müddətdə 30-dan artıq obraz yaratmışdır.
Uşaqlıqdan sevdiyi rəssamlıq sənətinə də biganə qalmayan Ə.Haqverdiyev özündən sonra zəngin irs qoymuşdur. Onun yüzlərlə qrafik işləri, rəsmləri, peyzaj, portret və dostluq şarjları muzeylərdə, doğmaları və dostlarının şəxsi kolleksiyalarında saxlanılır. Onun rəsmləri Bakı, Kiyev, Leninqrad, Moskva və digər şəhərlərdə uğurla nümayiş etdirilmişdir.
İstedadlı aktyor özünü kino sahəsində də sınamış, “Uzun ömrün akkordları”, “Şir evdən getdi” və “Dədə Qorqud” filmlərində yaddaqalan obrazlar yaratmışdır.