ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ MODELİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMİŞDİR
TQDK-dən AZƏRTAC-a bildirmişlər ki, qəbul aparılacaq ixtisaslar 4 qrupa bölünür. Ümumiləşmiş fənn bloku, V qrup ləğv olunur. V qrupa aid olan pedaqogika və psixologiya ixtisasları III qrupa, sosiologiya ixtisası isə II qrupa yerləşdirilir. I qrupa daxil olan bədii layihələndirmə ixtisası qabiliyyət imtahanı tələb edən ixtisaslar siyahısından çıxarılır.
Abituriyentlər 5 fəndən imtahan verəcəklər. Test suallarının sayı 120 olaraq qalır. 4 əsas fənn 25, əlavə olunmuş 5-ci fənn isə 20 sualdan ibarətdir. İmtahan vaxtı 3 saatdır.
I ixtisas qrupuna xarici dil (ingilis, alman, fransız, Azərbaycan bölməsi üçün əlavə rus dili) fənni əlavə olunur. Əvvəlki illərdən fərqli olaraq, bu qrupun abituriyentləri “Ana dili və ədəbiyyat” fənni əvəzinə “Ana dili” fənnindən imtahan verəcəklər. II ixtisas qrupuna “Azərbaycan tarixi” fənni əlavə olunur. Bu qrupun abituriyentləri “Ana dili və ədəbiyyat” fənni əvəzinə “Ana dili” fənnindən imtahan verəcəklər. III ixtisas qrupunda “Coğrafiya” fənni çıxarılır, “Riyaziyyat” fənni daxil edilir. Abituriyentlər “Ana dili və ədəbiyyat” fənni əvəzinə bu qrupda ayrıca “Ana dili” və “Ədəbiyyat” fənlərindən imtahan verəcəklər. IV ixtisas qrupuna “Riyaziyyat” fənni əlavə olunur. Bu qrupun abituriyentləri də “Ana dili və ədəbiyyat” fənni əvəzinə “Ana dili” fənnindən imtahan verəcəklər.
Rus bölməsinin abituriyentlərinə əsas imtahanlardan əvvəl əlavə olaraq “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcəkdir. İmtahanda 20 test tapşırığı təqdim olunacaqdır. İmtahanlar məqbul və qeyri-məqbulla qiymətləndiriləcəkdir. Bu imtahanların mart və iyun aylarında keçirilməsi nəzərdə tutulmuşdur. Mart ayında keçirilən imtahanda məqbul ala bilməyənlərə iyun ayında təkrar imtahanda iştirak etmək imkanı veriləcəkdir.
Abituriyentlərin müsabiqədə iştirakı üçün yeni əlavə olunmuş fənlərə 2007-ci ilin qəbul imtahanlarında bal məhdudiyyəti qoyulmayacaqdır. 2008-ci ildə bütün qruplar üzrə əlavə olunmuş beşinci fənnə də bal məhdudiyyəti qoyulacaqdır.