ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRİN BOŞ QALAN YERLƏRİNƏ ƏLAVƏ YERLƏŞDİRMƏNİN VƏ TEXNİKUMLARA QƏBULUN I MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin nəticələrini “Abituriyent” jurnalının 8-ci, ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanan ballar əsasında texnikumlara tələbə qəbulunun nəticələrini isə 7-ci nömrəsində dərc etmişdir. Eyni zamanda, nəticələri TQDK-nın internet saytından öyrənmək mümkündür.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, əlavə yerləşdirmə nəticəsində ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi), eləcə də texnikumlara qəbul olan abituriyentlər 10 gün ərzində (sentyabrın 10-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən ali məktəblərə təqdim olunmuş “Qəbul olanların siyahısı”nda imza edərək, qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.