ELM VƏ TƏHSİL
ALİ TƏHSİL SAHƏSİNDƏ AZƏRBAYCAN-ALMANİYA ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Almaniya Ali Məktəb Rektorları Cəmiyyətinin respublikamıza səfərə gələn nümayəndə heyəti Azərbaycan Texniki Universitetində olmuşdur.
Universitetdən müxbirimizə bildirmişlər ki, qonaqlar TASİS-TEMPUS proqramına uyğun olaraq, bu ali məktəbdə yaradılmış müasir tədris laboratoriyaları ilə, təhsilin müasirləşdirilməsi və təkmilləşdirilməsi sahəsində son vaxtlar görülmüş işlərlə tanış olmuşlar.
Az.TU-da professor müəllim heyəti ilə Almaniya Ali Məktəb Rektorları Cəmiyyəti nümayəndələrinin görüşündə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilmiş, ali təhsilin problemlərinə dair fikir mübadiləsi aparılmışdır.