ALMANİYADA NARKOTİKLƏRDƏN İSTİFADƏ VƏ TÜTÜNƏ ALUDƏÇİLİK ARTMAQDADIR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Səhiyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xüsusi İdarə və Ekologiya Nazirliyi bu barədə bəyanat vermişdir. Əhalinin nəzərinə xəbərdarlıqla çatdırılan statistika məlumatına görə, Almaniya ərazisində 2004-cü ilin doqquz ayı müddətində narkotiklərdən istifadə və siqaret çəkilməsi səbəbindən xəstəliklərə yoluxanların və ölənlərin sayı xeyli artmışdır. Təkcə Berlində bu səbəbdən ölənlərin sayı dörd il əvvələ nisbətən 20 faiz çox olmuşdur.
Məlumatda həmçinin bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və siqaret qaçaqmalçılığına qarşı ciddi mübarizə aparan Almaniya digər Avropa ölkələrindən fərqli olaraq, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması kimi profilaktik cərimə metodlarının tətbiqində tərəddüd etməkdədir. Bu istiqamətdə ilk addımı Almaniya ticarət və ekologiya nazirlikləri atmışlar. Əhalinin çoxsaylı şikayətlərini nəzərə alan federal nazirliklər Almaniya ərazisində küçələrdə və digər ictimai yerlərdə fasiləsiz xidmət göstərən, xüsusilə uşaq və gəncləri özünə cəlb edən siqaret satışı avtomatlarının ləğvinə nail olmuşlar. Ticarət Nazirliyinin sərəncamına uyğun olaraq, bütün Almaniya ərazisində bu cür avtomatların yığışdırılmasına başlanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var