SİYASƏT
ALMANİYADA NEOFAŞİZMƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Almaniyanın təhlükəsizlik xidməti orqanları son vaxtlar sürətlə təşkilatlanmaqda olan çoxsaylı neofaşist dəstələrdən ən təhlükəlisini ifşa etmişdir. AZƏRTAC-ın xüsusi müxbirinin aldığı məlumata görə, təhlükəsizlik orqanlarının ölkənin Şlezviq Holşteyn, Hamburq, Aşağı Saksoniya əyalətlərində və Kil, Flensburq, Pinneberq şəhərlərində fəaliyyət göstərən neofaşist qruplaşmaları bir mərkəzdə cəmləşdirən “Combat 18 Pinneberq” birliyinin 50 özək təşkilatına məxsus qərargahlarda keçirdiyi axtarışlar uğurla nəticələnmişdir. Axtarışlar zamanı külli miqdarda qanunsuz saxlanılan silah, faşizm ideologiyasını təbliğ edən çoxsaylı materiallar, aşkar edilmişdir. Neofaşist birliyinin rəhbərləri həbs olunmuşlar.
Həbs olunanlar neofaşist birliyin Britaniyanın“Combat 18” terrorçu təşkilatı ilə sıx əməkdaşlıqda fəaliyyət göstərdiyini, faşizm ideologiyasının təbliğinə dair avadanlığın və silahların onun bilavasitə köməyi ilə əldə olunduğunu etiraf etmişlər. Onların açıqlamalarına görə, “Combat 18” söz birləşməsindəki “combat” ingilis sözü alman dilində “mübarizə” deməkdir. “18” rəqəmində1 latın əlifbasının birinci hərfi “A”-nı, 8 isə əlifbanın səkkizinci hərfi “H”-ı bildirir. Beləliklə, 18 rəqəmi “Adolf Hitler” adını ifadə edir.