DÜNYA
ALMANİYADA TÜTÜN MƏMULATI BAHALAŞMIŞDIR
Almaniyada tütün istifadəçilərinə zəhərli tüstü də baha başa gələcəkdir. Federal hökumətin martın 1-dən qüvvəyə minmiş qərarına uyğun olaraq, ölkənin tütün konsernləri və ticarət müəssisələri bütün Almaniya ərazisində 1 qutu siqaretin bu günə qədər mövcud dəyərinə 40 sent əlavə etmişlər.
Həmin tarixdən etibarən 20 ədədlik siqaret qutusunun qiyməti ticarət müəssisələrində 3,40- 3,60 avrodur. Siqar, qəlyan tütünü və digər bu növ məmulatın da qiymətinə 40 sent əlavə olunmuşdur. Siqaret satan avtomatlarda isə qiymətlər daha yuvarlaqdır. Satış avtomatlarından istifadə edən “tüstü həvəskarları” bir qutu siqaret üçün avtomatın daxılına 4 avro buraxmalıdır.
Federal hökumətin qənaətinə görə, tütünün bahalaşdırılmasından əldə olunacaq gəlir tibb müəssisələri və sığorta qurumlarının xərclərinə əlavə ediləcəkdir. Ən başlıcası isə, bahalıq əhalini, xüsusilə gənc nəsli tütünə aludəçilikdən çəkindirəcəkdir.