ALMANİYALI TƏLƏBƏLƏR QƏRB UNİVERSİTETİNİN QONAĞIDIR
AzerTAg.az
Qərb Universiteti ilə Avropanın nüfuzlu universitetlərindən birinin – Sigen Universitetinin (Almaniya) birgə layihəsi çərçivəsində həmin universitetin hüquq professoru Gerd Morgenthalerin başçılığı ilə bir qrup tələbə Azərbaycana gəlmişdir.
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfərdən əsas məqsəd alman tələbələri Azərbaycanın hüquq sisteminin xüsusiyyətləri və Qərb Universitetində hüquq sahəsində təhsil sistemi ilə tanış etməkdir. Səfər proqramında tərəfdaş universitetlərin müəllim və tələbələrinin iştirakı ilə birgə seminarlar keçirmək nəzərdə tutulmuşdur. Seminarlarda bir sıra məsələlər, o cümlədən Azərbaycanda inzibati hüquq və təsərrüfat hüququ, habelə Xəzər dənizinin hüquqi müdafiəsi məsələləri müzakirə olunacaqdır.
Almaniyalı qonaqlar ölkənin regionlarına, o cümlədən Şəki rayonuna gedəcək və burada yerli gənclərin nümayəndələrinin iştirakı ilə seminarlar keçirəcəklər.
Gələn ilin mayında Qərb Universitetinin bir qrup tələbəsi Sigen Universitetinə cavab görüşünə gedəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var