SİYASƏT
ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ İKİ HÖKUMƏTLƏRARASI SAZİŞ İMZALANMIŞDIR
Mərasimdə Azərbaycan tərəfini maliyyə naziri Əvəz Ələkbərov və səhiyyə naziri Əli İnsanov təmsil edirdilər.
Almaniyanın səfiri Klaus Qrevlix Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini nəzərə çarpdıraraq bildirmişdir ki, onun ölkəsi ikitərəfli münasibətlərin bütün sahələrdə dərinləşməsində maraqlıdır. Səfir sazişlərin məqsədindən danışaraq demişdir ki, Azərbaycanın Maliyyə Nazirliyi ilə imzalanan sənədə görə, Almaniyanın sərmayələr və inkişaf cəmiyyəti Azərbaycan Mikromaliyyələşdirmə Bankının səhmlərinin 23,7 faizini almışdır. O xatırlatmişdır ki, alman meneceri Tomas Engelhardın bacarıqlı rəhbərliyi nəticəsində ötən il ərzində bu bank 2793 yerli sahibkara, ümumən, 5,3 milyon dollar məbləğində kredit ayırmışdır. Həmin kreditlərin 1000-i artıq banka qaytarılmışdır.
K.Qrevlixin sözlərinə görə, səhiyyə sahəsində hökumətlərarası sazişin əsas məqsədi vərəmlə mübarizə tədbirlərinin dəstəklənməsidir. Almaniya hökuməti bunun üçün 3 milyon avro məbləğində qrant ayırmışdır.
Səfir iqtisadiyyatın neft sənayesi ilə bağlı olmayan sahələrinin inkişafının vacibliyini vurğulayaraq demişdir: “Almaniya hökuməti indiyədək Azərbaycana 270 milyon avro məbləğində vəsait ayırmışdır ki, onun da 130 milyonu Avropa Birliyinin xətti ilə təmənnasız yardım kimi, 108 milyonu isə maliyyə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində verilmişdir. Azərbaycanın qeyri-neft sahələri ikitərəfli əməkdaşlığın üstün istiqamətləridir”.
Maliyyə naziri Əvəz Ələkbərov ölkələrimiz arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfirə təşəkkür edərək bildirmişdir ki, ölkə rəhbərliyinin düzgün siyasəti nəticəsində son illər Azərbaycan özünü krediti ödəməyə qadir tərəfdaş kimi göstərərək, beynəlxalq maliyyə bazarında mövqelərini gücləndirmişdir. Nazir demişdir: “Azərbaycan hökuməti götürdüyü bütün öhdəlikləri yerinə yetirir. İqtisadi islahatlar sayəsində ölkənin kredit ödəyə bilmək reytinqi xeyli artmışdır”.
Səhiyyə naziri Əli İnsanov çıxışında bildirmişdir ki, Azərbaycanda 15 min vərəm xəstəsi qeydiyyata alınmışdır, lakin qonşu Rusiya və Qazaxıstandan fərqli olaraq, respublikada bu xəstəliyin epidemiyası yayılmamışdır.
İmzalanmış sazişə əsasən, Almaniya hökuməti Dünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə konsepsiyası çərçivəsində Azərbaycana yardım ayırmışdır. Nazirin sözlərinə görə, bu yardım vərəmin kütləvi profilaktikası və müalicəsinə dair hökumət proqramının həyata keçirilməsinə müsbət təsir göstərəcəkdir.