ELM VƏ TƏHSİL
ALMANİYANIN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İSLAMIN TƏDRİSİNƏ BAŞLANMIŞDIR
Almaniya federal təhsil sistemi gənclərin hərtərəfli inkişafında, intellektual səviyyəsinin yüksəlməsində, əməksevər, mənəvi və əxlaqi cəhətdən bütöv, yetkin və kamil vətəndaş kimi formalaşmasında dinlərarası dialoqun əvəzsiz rolunu nəzərə alaraq, Qurani-Kərimin təməlçilikdən uzaq, milli ənənələrə, mənəvi dəyərlərə söykənən tərbiyəvi qaynaqlarını tədris etməyi qərara almışdır.
İslamın tədrisi 2001-ci ildən başlayaraq, Almaniyanın Berlin, Brandenburq, Bavariya, Hamburq, Nordrayn-Vestfalen və Nidersaksen əyalətlərində “İslamşünaslıq” adı altında əlavə fənn kimi tədris edilmiş, tədrisin üsul və metodları iki il müddətində sınaqdan çıxarılmışdır.
Nidersaksen əyaləti ümumtəhsil məktəblərində islamın tədrisi yüksək səviyyədə aparılmış, gələcəkdə bütün Almaniya məktəblərində tədrisin alman dilində keçirilməsi sahəsində əsaslı keyfiyyət dəyişiklikləri yarada biləcək konsepsiya və xüsusi tədris planı hazırlanmışdır. Almaniyada təşkilatlanmış və fəaliyyət göstərən müsəlman, katolik və protestant dini birlik və təşkilatları islam dəyərlərinin təbliği və tədrisinə dair bu planı bəyənmiş və əməli yardımla dəstəkləmişlər.
Almaniyada yeni dərs ili avqustun 20-də başlanmışdır. Nidersaksen əyalətindəki səkkiz məktəbdə təhsil alan müsəlman şagirdlər sinif otaqlarına Quranla daxil olmuşlar.
İslam dəyərlərinin tədris edilməsini ölkənin təhsil sistemində yeni eranın başlanması kimi dəyərləndirən Nidersaksen federal əyalətinin mədəniyyət naziri ümidvar olduğunu bildirmişdir ki, əyalət məktəblərindən başlayan islam tədrisinin sınağı yaxın gələcəkdə Almaniyanın ümumtəhsil məktəblərində tətbiq ediləcəkdir.