SİYASƏT
ALMANİYA İLƏ AZƏRBAYCAN ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Klaus Qrevlix AZƏRTAC-ın müxbirinə demişdir ki, çoğrafi-strateji səbəblərdən Azərbaycanla hərbi və müdafiə sahəsində əməkdaşlıq Almaniya üçün mühüm əhəmiyyət daşıyır. Yeni hərbi attaşenin akkreditə olunması bunu bir daha sübut edir. Hazırda iki ölkə arasında hərbi-siyasi əməkdaşlığa dair saziş Berlində və Bakıda müzakirə olunur. Biz bu sazişin tezliklə imzalanaraq rəsmiləşdirilməsinə çalışırıq”.
Səfir yeni hərbi attaşe haqqında məlumat verərək demişdir ki, Konrad Zeemann öz karyerasına hərbi təyyarəçi kimi başlamış, 15 il ABŞ və İngiltərədə hava qüvvələrində çalışmışdır. O, hərbi dəniz və hərbi hava qüvvələrində fəaliyyət göstərmişdir. Birinci dərəcəli kapitan Konrad Zeemann uzun illər Almaniyanın Federal Müdafiə Nazirliyində hərbi siyasət şöbəsində işləmişdir. Kapitan Zeemann Moskvada baş qərargahın təlimlərində iştirak etmiş, 2001-ci ilin oktyabrın 1-də Almaniyanın Rusiya Federasiyasındakı səfirliyində hərbi dəniz attaşesi vəzifəsinə təyin olunmuşdur. 2003-cü il noyabrın 29-dan cənab Zeemann həmçinin Almaniyanın Azərbaycandakı səfirliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsinə akkreditə olunub. Yeni hərbi attaşe Azərbaycanla tanışlıq səfərindən məmnun qaldığını, səfərin uğurlu keçdiyini bildirmişdir.