SİYASƏT
ALMANİYA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİR
İqamətgahı Visbaden şəhərində yerləşən Cinayətkarlığa qarşı mübarizə idarəsinin məlumatına görə, hüquq mühafizə orqanlarının 200 nümayəndəsindən ibarət axtarış qrupunun son günlərdə ölkənin Türingiya, Hessen, Berlin və Aşağı Saksoniya federal əyalətlərində keçirdiyi əməliyyatlar zamanı insan alveri ilə məşğul olan cinayətkar mərkəz aşkar edilmiş və onun başçıları ifşa olunmuşlar. Məlum olmuşdur ki, insan alverini qazanc mənbəyinə çevirən cinayətkar dəstənin başçıları - iki alman və iki rus Polşa və Rusiyadan 50-dən artıq qadını, - onların əksəriyyəti yetginlik yaşına çatmamış və gənc qızlardır,- gizli, qanunsuz yollarla Almaniya ərazisinə keçirmiş, sonra isə fahişəliyə cəlb etmişlər.
Cinayətkar dəstənin başçıları və onlara itaətlə "qulluq edən" qadınlar dəstəsi qanun qarşısında cavab verməli olacaqlar.