ALMANİYA İRAQLA BAĞLI “AVROPA İTTİFAQI FONDU”NUN YARADILMASINI TƏKLİF ETMİŞDİR
AzerTAg.az
Avropa İttifaqının üzvü olan dövlətlərin xarici siyasət idarələri rəhbərlərinin Brüsseldə keçirilən növbəti toplantısında Almaniyanın federal xarici işlər naziri Yoşka Fişer İraqda yenidənqurma işləri ilə bağlı, ABŞ-dan asılı olmayaraq, sülhməramlı fəaliyyət göstərəcək “Avropa İttifaqı Fondu”nun yaradılması təklifi ilə çıxış etmişdir. Onun fikrincə, belə Fondun yaradılması Avropa İttifaqının təxirəsalınmaz vəzifələrindən biridir. ABŞ-ın belə Fondun yaradılmasına dəstək verməsinə gəldikdə isə, Fişer demişdir ki, əgər bütün üzv dövlətlər bunu istəyərlərsə, məsələ öz həllini tapa bilər.
Avstriyanın xarici işlər naziri xanım Benita Mariya Ferrero-Valdner almaniyalı həmkarının təklifini bəyənmiş və Fondun işində Avropa İttifaqının üzvü olan dövlətlərin əksəriyyətinin iştirak edəcəyinə əmin olduğunu vurğulamışdır.
Fişerin bu ideyasını dəstəkləyən Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Kris Pattenin fikrincə, yaradılacaq Fond mütləq Dünya Bankı və BMT-nin nəzarəti altında fəaliyyət göstərməlidir.
Xəbərin mətnində orfoqrafik səhv var