SİYASƏT


ALMANLAR BÜTÜN ZAMANLARIN ƏN GÖRKƏMLİ ŞƏXSİYYƏTİNİ MÜƏYYƏNLƏŞDİRMİŞLƏR

AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Almaniyanın Mərkəzi Televiziya Kanalı (ZDF) iki həftə müddətində tamaşaçıları alman millətinin bütün zamanlar üçün ən görkəmli, mütərəqqi şəxsiyyətinin adını çəkməyə və öz rəyini telefonla bildirməyə dəvət etmişdi.

Telefon səsverməsində ölkənin 2,9 milyon vətəndaşı iştirak etmiş və tarixi şəxsiyyətlərin 1-ci yerdən 200-cü yerə qədər siyahısı barədə fikrini bildirmişlər. Səsvermənin nəticələrinə əsasən, adı Almaniya tarixində əbədi qalacaq şəxsiyyətlərin birinci onluğu müəyyənləşdirilmişdir: İkinci Dünya müharibəsindən sonra AFR-in ilk federal kansleri Konrad Adenauer 220 min səslə birinci, Almaniya milli kilsəsinin islahatçısı, İncilin alman dilinə tərcüməsi, protestantlığın əsasını qoyan Martin Lüter ikinci, elmi kommunizmin banisi Karl Marks üçüncü olmuşdur. 4-10-cu yerləri gizli antifaşist “Ağ qızılgül” təşkilatının yaradıcıları Sofi və Hans Şol bacı-qardaşları, keçmiş federal kansler Villi Brandt, məşhur bəstəkar Bax, filosof, şair və dövlət xadimi Höte, kitab çapının banisi Qutenberq, Almaniyanın “dəmir kansleri” Bismark və məşhur alim, nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn bölüşdürmüşlər.

Xalq arasında Almaniyanın birləşdirilməsi və vahidliyinin bərpasının “memarı” sayılan keçmiş federal kansler Helmut Kollun adı 13-cü olmuşdur.

Hazırda Almaniyanın, eləcə də Avropanın siyasi səhnəsində reytinqi artmaqda olan xarici işlər naziri Yoşka Fişer 52-ci, federal kansler Gerhard Şröder 82-ci, federal prezident Yohannes Rau isə 127-ci yerdədirlər.

Məşhur idmançılar Frans Bekkenbauer, Şteffi Qraf, Boris Bekker, Mixail Şumaxer 2-ci və 3-cü onluqlarda fəxri yerlər tuturlar.

Avstriya almanlarının fəxri, məşhur bəstəkar Motsartın adının 20-ci yerdə qalması, az qala, beynəlxalq qalmaqala səbəb olmuşdur. 1866-cı ildə Almaniya reyxindən ayrılaraq özünü suveren respublika elan etmiş Avstriyada yaşayan almanlar onların məşhur həmvətənlərini AFR almanlarının öz adlarına çıxmasına qarşı ciddi etirazlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.