ALMAN TƏLƏBƏLƏRİ ÖLKƏMİZDƏ AZƏRBAYCAN DİLİNİ ÖYRƏNƏCƏKLƏR
AzerTAg.az
Azərbaycan Respublikasının Berlindəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Alman Akademik Müdafiə Xidməti (DAAD) özünün Mərkəzi və Şərqi Avropa, o cümlədən, Qafqaz və Mərkəzi Asiya ölkələrindəki təqaüd proqramlarını təkmilləşdirmək və DAAD-ın fəaliyyətini daha da təkmilləşdirmək sahəsində məsləhətləşmələr aparmaq məqsədilə bu dövlətlərin Almaniyadakı səfirliklərinin nümayəndələri ilə işgüzar toplantı keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin nümayəndələri də iştirak etmişlər.
Səfirliyin nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr zamanı Azərbaycan Respublikasının təhsil ocaqlarında alman tələbələri üçün Azərbaycan dili kursların təşkili və bu barədə DAAD-ın xüsusi yeni proqramının hazırlanması diqqət mərkəzində olmuşdur. DAAD-ın nümayəndələri ölkəmizdə Azərbaycan dilini öyrənmək arzusunda olan alman tələbələrə təqaüd verməyə hazır olduğunu bildirmişlər.
Tərəflər danışıqlar və məsləhətləşmələr zamanı respublikamızda alman tələbələrinin Azərbaycan dilindən başqa, digər ixtisaslar üzrə də təhsilinin təşkili sahəsində birgə fəaliyyət proqramlarını müzakirə etmiş, əcnəbi tələbələrin təhsil alacağı Azərbaycan elm və təhsil müəssisələrinin ünvanlarını müəyyənləşdirmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var