İQTİSADİYYAT
ALMATIDA “NEFT VƏ QAZ” SƏRGİSİ KEÇİRİLMİŞDİR
Azərbaycanı bu sərgidə “Neftkimyamaş” açıq tipli səhmdar cəmiyyətinin Elmi- tədqiqat və layihə-konstruktor neft maşınqayırma institutu, Keşlə maşınqayırma zavodu törəmə açıq səhmdar cəmiyyəti və Sumqayıtdakı “Azərboru” zavodu təmsil etmişlər. Bu müəssisələrin nümayəndələri sərgiyə son vaxtlar zavodda istehsal olunan müxtəlif tipli neft-qaz borularının nümunələrini gətirmişdilər.
Elmi-tədqiqat və layihə-konstruktor neft maşınqayırma intitutunun direktoru Rauf Cabbarov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Neft maşınqayırma sahəsi Azərbaycanda geniş inkişafda olduğu üçün bu sərgidə iştirak etmək bizim birliyə həvalə edilib. Biz sərgiyə neft maşınqayırma sahəsində istehsal olunan neft-mədən və qazma avadanlıqlarının planşetlərini və yeni texnologiya layihələrini gətirmişik. Bizim işimizə böyük maraq var. Bir çox müəssisənin nümayəndələri ilə iş birliyi yaratmaq haqqında danışıqlar aparmışıq.
Keşlə maşınqayırma zavodunun nümayəndəsi Teymur İbadov: - Biz sərgiyə zavodda istehsal olunan neft avadanlıqlarının prospekt və texniki sənədlərini gətirmişik. Burada iştirak edən bir çox müəssisə və təşkilatın nümayəndələri ilə informasiya mübadiləsi etmişik və mən əminəm ki, bunun bəhrəsi olacaq.