SİYASƏT
ALMATIDA QAZAXISTANIN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNƏ QOŞULMASI İLƏ BAĞLI DANIŞIQLARIN NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
Rahat-Kalas” mehmanxanasında Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması ilə bağlı hökumətlərarası sazişin hazırlanması üzrə danışıqların növbəti mərhələsi başlanmışdır. AZƏRTAC-ın xüsusi müxbiri Almatıdan xəbər verir ki, danışıqlara Azərbaycan və Qazaxıstan nümayəndələri ilə yanaşı, layihənin digər iştirakçıları da dəvət olunmuşlar.
Görüşü Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik açaraq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyətindən danışmışdır.
Danışıqlarda Qazaxıstanın Milli Neft-Qaz Şirkətinin prezidenti Ləzzət Kiinov, ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mən, ABŞ-ın Qazaxıstandakı səfiri Larri Lipper, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, layihədə iştirak edən digər şirkətlərin nümayəndələri çıxış etmişlər.
Stiven Mən qeyd etmişdir ki, Qazaxıstan üçün bu layihənin böyük əhəmiyyəti var və mən əminəm ki, biz istədiyimiz nəticəyə nail olacağıq. O, layihənin maliyyələşdirilməsi və bir sıra digər məsələlərdən danışmışdır.
Natiq Əliyev çıxışında demişdir: Bundan əvvəl Bakıda və Londonda belə danışıqlar olub. Bu görüşlər Qazaxıstanın layihəyə qoşulması ilə bağlı bizim mövqelərimizi günbəgün yaxınlaşdırır. Ötən il sentyabrın 18-də Bakıda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin bünövrəsi qoyuldu və bu böyük tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak etdilər. Məhz o gündən sonra bir daha təsdiq olundu ki, bu layihə realdır və uğurla başa çatdırılacaqdır.
Sonra layihənin detalları müzakirə olunmuşdur. Martın 11-də danışıqlar davam etdiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı