SİYASƏT
ALMATIDA “SÜLH VƏ HƏMRƏYLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Almatida “Sülh və həmrəylik” mövzusunda keçirilən birinci beynəlxalq konfrans başa çatmışdır.
Konfransda dövlət və hökumət başçıları, ictimai və siyasi xadimlər, bir sıra dini icmaların rəhbərləri, ABŞ konqresmenləri iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanı bu tədbirdə xarici işlər naziri Vilayət Quliyevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev konfrans iştirakçılarını salamlamış, dövlət və hökumət başçılarının tədbirə ünvanlanmış təbriklərini oxumuş və demişdir ki, bu foruma toplaşmaqda məqsədimiz terrorizmə və ekstremizmə qarşı birgə mübarizə aparmağın yollarını aramaqdır. Terrorizm insanlıq əleyhinə yönəlmişdir və bu hər birimiz üçün təhlükəlidir.
Sonra Qırğızıstan prezidenti Əsgər Akayev, Tacikistan prezidenti Emoməli Rəhmonov, Türkiyənin dövlət naziri Mehmet Aydın, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Əfqanıstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yəhya Məhəmməd Mərufi çıxış etmişlər.
Xarici işlər naziri V.Quliyev Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ünvanlanmış məktubunu oxumuşdur. O, öz çıxışında Orta Asiya və Cənubi Qafqaz regionu üçün mühüm olan sülh və sabitlik, mədəniyyətlərarası və dinlərarası dialoqa nail olmaq, regionda iqtisadi tərəqqini ləngidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: Bu münaqişənin əsasında ermənilərin iddia etdikləri kimi, dini və etnoslar arasındakı amillər durmur. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır və Azərbaycan bu münaqişəni dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşması ərəfəsindəyik və bu layihənin gerçəkləşməsi üçün Mərkəzi Asiya, Qafqaz və Türkiyədə sülh və sabitliyin olması vacibdir.
Konfrans iştirakçıları “Sülhə və sabitliyə doğru” adlı yekun bəyannamə qəbul etmiş, “Sülh və sabitlik forumu” yaratmışlar. Forumun vəzifəsi xalqlar, dinlər və sivilizasiyalar arasında dialoqu inkişaf etdirməkdən ibarətdir. Konfrans iştirakçıları bütün ölkələri bu təşəbbüsə qoşulmağa çağırmışlar.
X X X
Vilayət Quliyevin Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayevlə görüşündə ikitərəfli münasibətlər, Xəzərin hüquqi statusu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi və digər məsələlər müzakirə edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı