DÜNYA
ALMATIDA XARİCİ SƏRMAYƏDARLAR ŞURASININ İCLASI OLMUŞDUR
Qazaxıstan prezidenti Nursultan Nazarbayev iclasın iştirakçılarını 2015-ci ilə qədər sənayenin inkişaf strategiyası proqramı ilə tanış etmiş və sərmayədarları bu proqrama yardım göstərməyə çağırmışdır.
Xarici sərmayədarlar son illər Qazaxıstan iqtisadiyyatının uğurlarından danışmış və bildirmişlər ki, bundan sonra da müxtəlif layihələri maliyyələşdirməyə hazırdırlar.
İclasda qeyd olunmuşdur ki, iqtisadiyyatın dəmir yolu, telekommunikasiya və energetika sahələrində liberallaşma davam etdiriləcək, neft-qaz sahəsinin inkişafına milli kapital qoyuluşu artırılacaqdır. Hazırda Xəzər şelfinin Qazaxıstana aid sektorundakı karbohidrogen yataqlarının işlənməsinə dair proqram qəbul edilmişdir.
Nursultan Nazarbayev tədbir çərçivəsində “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür. Görüşdə Qazaxıstanla “LUKoyl”un əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Xatırladaq ki, “LUKoyl” Qazaxıstan iqtisadiyyatına 1,5 milyard dollar sərmayə qoymuşdur və bu proses davam edir.