DÜNYA
“ALTERNATİV NOBEL MÜKAFATI” LAUREATLARI ABŞ-IN YAXIN ŞƏRQDƏ SİYASƏTİNİ PİSLƏMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, həm də “Yaşamaq hüququ” adlanan “Alternativ Nobel mükafatı”nın laureatları İsveçin paytaxtında ABŞ-ın Yaxın Şərqdəki siyasətini kəskin tənqid etmişlər. Onlardan biri, Pentaqonun keçmiş əməkdaşı, 1974-cü ildə ABŞ qoşunlarının Vyetnamdan çıxarılması uğrunda mübarizə aparmış Deniel Ellsberq bildirmişdir ki, ABŞ hökuməti İranın yeraltı qurğularını nüvə silahının köməyi ilə sıradan çıxarmaq üçün hava hücumu barədə əmr verə bilər. Bu isə faciə ilə nəticələnəcəkdir. Bu, əxlaqa zidd, qanunsuz qərar və insanlığa qarşı cinayət olardı. D.Ellsberq demişdir: “Mən İraq müharibəsinə qarşı çıxanların hamısını öz ölkələrinin hökumətlərinə bu cür planları dəstəkləməməkdən ötrü təzyiq göstərməyə çağırıram”.
Bu il mükafat oktyabrda Stokholmda təqdim edilmişdir. Ənənəyə görə, Nobel mükafatından iki gün əvvəl təqdim edilən “Yaşamaq hüququ” mükafatı 1980-ci ildə İsveç yazıçısı, alimi və filateliya sahəsində tanınmış ekspert Yakob fon Ukskyulun təşəbbüsü ilə, müasir dövrümüzün aktual problemlərinin həlli üçün səmərəli təkliflər verən adamların dəstəklənməsi məqsədi ilə təsis olunmuşdur.
Laureatlar 200 min avrodan artıq olan mükafat fondunu öz aralarında bərabər bölürlər. Mükafatın xüsusiyyəti ondan ibarətdir ki, laureatlar məbləği şəxsi ehtiyacları üçün xərcləyə bilməzlər.