RƏSMİ SƏNƏDLƏR
ƏMƏKDAR MÜƏLLİM LƏTİF HÜSEYNZADƏYƏ
Hörmətli Lətif müəllim!
Sizi – Azərbaycanın görkəmli pedaqoqu və yorulmaz tədqiqatçı alimini, sevimli müəllimimi anadan olmağınızın 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz Azərbaycan ziyalılarının yaşlı nəslinə mənsub olan gözəl pedaqoq və ədəbiyyatşünas alim kimi ölkəmizdə yaxşı tanınırsınız. Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavid kimi tanınmış simadan dərs alaraq yetişdiyiniz dövr Azərbaycanda mədəni-maarifçilik hərəkatının böyük vüsətlə yüksəlişi mərhələsinə təsadüf edir. Keçən əsrin əvvəllərinin görkəmli maarifçi ziyalılarının işini davam etdirərək seçdiyiniz müəllimlik peşəsi Sizin bütün həyatınızın əsl mənasını təşkil etmişdir. Siz Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi neçə-neçə nəsli Vətənə, xalqa, onun zəngin mədəni irsinə, mənəvi dəyərlərinə, tarixi ənənələrinə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə etmisiniz. Sonralar hansı sənətə yiyələnməsindən asılı olmayaraq, Sizdən dərs almış hər bir şəxsdə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına bəslədiyi tükənməz məhəbbət və sonsuz vurğunluq hisslərini məhz Siz aşılamısınız.
Səmərəli pedaqoji fəaliyyətlə yanaşı, Sizin elmi fəaliyyətiniz də təqdirəlayiqdir. Mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın həyat və yaradıcılığına həsr etdiyiniz tədqiqat əsəri, Naxçıvanın mədəniyyət tarixinin müxtəlif məsələləri ilə bağlı araşdırmalarınız, şahidi olduğunuz tarixi hadisələr, görkəmli şəxsiyyətlər haqqında qələmə aldığınız xatirələr tədqiqatçılarımız üçün qiymətli mənbələrdir.
İnanıram ki, uzun və şərəfli həyat yolunuz, torpağa, xalqa hədsiz bağlılığınız, həmişə uca tutduğunuz müəllimlik peşəsinə sonsuz sədaqətiniz Azərbaycanın hələ neçə nəsilləri üçün gözəl örnək olacaqdır.
Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2002-ci il