ELM VƏ TƏHSİL
ƏMƏKDAŞLIĞA DAİR NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov bu məqsədlə dost ölkəyə səfəri zamanı Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda tədris prosesi, təhsil proqramları, dərs vəsaitləri ilə tanış olmuş, bu ali məktəbin rəhbərliyi və alimləri ilə fikir mübadiləsi aparmışdır. İnstitutun rektoru, professor Turqay Ergün belə görüşlərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirmişdir.
Bir həftə ərzində professor Seyfəddin Qəndilov Türkiyənin yüksək vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş, yerli bələdiyyələrdə, Araşdırma və Təhsil Mərkəzində olmuş, Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirmiş, Prezident Heydər Əliyevin rəhbərliyi altında respublikamızda idarəçilik, təhsil və digər sahələrdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir.