SİYASƏT
ƏMƏKDAŞLIQ DAVAM ETDİRİLƏCƏK
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Danimarka XİN-in İnkişafa yardım şöbəsinin əməkdaşı Henrik Stiin Pedersen ilə görüşmüşdür.
Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində Danimarka Qaçqınlar Şurasının göstərdiyi yardımlara görə Azərbaycan hökuməti adından minnətdarlığını bildirən baş nazirin müavini, milli qeyri-hökumət təşkilatlarının formalaşmasında da bu qurumun xidmətlərini yüksək qiymətləndirmişdir. Ə.Həsənov vurğulamışdır ki, beynəlxalq humanitar təşkilatlar ölkədə daimi qala bilməzlər, ona ğörə də milli qeyri-hökumət təşkilatlarının fəaliyyəti vacibdir.
Dövlətqaçqınkomun sədri bildirmişdir ki, münaqişənin sülh yolu ilə həlli uzandığına görə, bəzi donor təşkilatlar öz proqramlarını başa çatdıraraq ölkəmizdən getmişdir. Azərbaycan hökuməti özünün iqtisadi imkanlarını maksimum səfərbər etməsinə baxmayaraq, məcburi köçkünlərə ərzaq yardımı göstərilməsi sahəsində gərgin vəziyyət yaranmışdır. Baş nazirin müavini əmin olduğunu vurğulamışdır ki, bunu nəzərə alaraq, Danimarka Qaçqınlar Şurası Azərbaycanda gələn il başa çatacaq proqramlarını davam etdirəcəkdir.
O, Azərbaycan hökumətinin strategiyasına tam uyğun olaraq gəlirgətirmə və mikromaliyyə layihələrinin icrasını təqdirəlayiq hesab etmişdir.
Cənab Henrik Stiin Pedersen qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair topladığı məlumat barədə Danimarka Xarici İşlər Nazirliyində məruzə edəcəyini bildirmiş və növbəti 3 ildə layihələrin icrasının daha vacib olduğu sahələrlə maraqlanmışdır.
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün kifayət qədər torpaq sahəsi verildiyini nəzərə alaraq, baş nazirini müavini gəlir gətirən sahələrin yaradılması məqsədi ilə kənd təsərrüfatı layihələrinin reallaşdırılmasının, mikrokreditlər ayrılmasının, fərdi və ya kiçik istehsal sahələrinin təşkili, infrastrukturun yaradılmasının, habelə təhsil və səhiyyə proqramlarının həyata keçirilməsinin zəruriliyini bildirmişdir.
Danimarka Qaçqınlar Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Maria Olsen onların fəaliyyəti üçün əlverişli şərait yaradıldığına görə təşəkkürünü bildirmiş, gələcəkdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi məqsədi ilə yeni layihələrin planlaşdırılmasına çalışacağını vurğulamışdır.