SİYASƏT
ƏMƏKDAŞLIQ İNKİŞAF ETDİRİLƏCƏK
Martın 13-də ədliyyə nazirinin müavini general-mayor A.Qasımov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cənubi Qafqaz regionu üzrə əlaqələndiricisi F.Kreaş, habelə komitənin Bakı nümayəndəliyinin əlaqələndiricisi F.Mirzəyevlə görüşmüşdür. Görüş zamanı A.Qasımov ölkəmizin penitensiar sistemində son dövrlərdə aparılan islahatlar, o cümlədən BQXK ilə əməkdaşlığın yeni mərhələsi barədə ətraflı məlumat vermişdir.
Nazir müavini vərəmin multi-rezistent formalı xəstə məhkumların müalicə metodikasının olmaması, xəstəliyin erkən aşkarlanması üçün müvafiq tibbi avadanlığın alınması zərurətini xüsusilə vurğulayaraq, bu işdə Dünya Səhiyyə Təşkilatının “Yaşıl işıq” Komitəsinin yardımına böyük ehtiyac duyulduğunu söyləmişdir.
Ətraflı məlumata görə razılığını bildirən F.Kreaş Azərbaycanın penitensiar sistemində aparılan islahatları yüksək qiymətləndirərək, vərəmə qarşı mübarizə strategiyasının müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir. O, nazir müavininin təklifinin vacib olduğunu vurğulayaraq, bununla əlaqədar BQXK ilə MQİBİ-nin səhiyyə idarəsinin birgə işçi qrupunun yaradılmasını zəruri hesab etmişdir.
Görüş zamanı tərəflər əməkdaşlığı daha da inkişaf etdirmək üçün səyləri artırmaq qərarına gəlmişlər.