İQTİSADİYYAT
ƏMƏK HAQLARI İLİN İKİNCİ YARISINDAN ARTIRILACAQDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, əmək haqqının artırılmasına 2004-cü ilin dövlət büdcəsinin icrasının 6 aylıq yekunları müzakirə olunduqdan sonra başlanılacaqdır. Prezident İlham Əliyev büdcənin icrasını xüsusi nəzarətə götürmüşdür. İlin ilk iki ayında proqnoz göstəricilərinin özünü doğrultması, özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsindən büdcə daxilolmaları ilə bağlı alınan məlumatlar, dünya bazarında Azərbaycan neftinin qiymətinin qalxması əmək haqlarının artırılacağına zəmin yaradır.
Komissiya sədrinin sözlərinə görə, bu ilin büdcəsində nəzərdə tutulan sahələrdə, ilk növbədə, polis, yanğından mühafizə, feldyeger xidməti işçilərinin əmək haqları artırılacaqdır. Bundan başqa hərbçilərin, səhiyyə işçilərinin və müəllimlərin də məvacibləri artırıla bilər. Ölkə Prezidentinin iqtisadiyyatın inkişafı ilə bağlı başladığı siyasətin uğurla həyata keçirilməsi digər sahələrdə çalışanların da sosial həyat tərzinin yaxşılaşdırılmasına zəmin yaradır.