SİYASƏT
ƏMƏK HÜQUQUNUN QORUNMASINDA HƏMKARLAR İTTİFAQLARININ ROLU MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AHİK sədri Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti və onun keçdiyi tarixi yol haqqında qonaqlara ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan Səttar Mehbalıyev bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ölkəmizin rəhbərliyinin gördüyü işləri və bu sahədə Türkiyə Cümhuriyyətinin dəstəyini vurğulayaraq, işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolunu qonaqların diqqətinə çatdırdı. Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı surətdə həyata keçirilən birgə işləri, hökumətlə bağlanan Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsi sahəsində icra strukturları ilə həyata keçirilən tədbirləri, işsizlik probleminin həll olunması istiqamətində mühüm dövlət qərarlarının həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu, işçilərin miqrasiyası, onların sosial hüquqlarının qarşılıqlı şəkildə qorunması məsələlərinin əhəmiyyətini vurğuladı.
Ölkələrimiz arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, birgə beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərdə dövlətlərimizin vahid mövqedən çıxış etməsini məmnunluqla dilə gətirən AHİK sədri qardaş Türkiyənin həmkarlar ittifaqları ilə yaradılmış dostluq əlaqələrinin əhəmiyyətini bir daha qonaqların nəzərinə çatdırdı.
Türkiyənin əmək və sosial təminat naziri Murat Başesgioğlu səmimi qəbul üçün AHİK sədrinə minnətdarlığını bildirməklə, ölkələrimizin qardaşlıq və dostluq əlaqələrindən məmnun qaldığını, o cümlədən həmkarlar ittifaqları arasında yaranmış çoxşaxəli münasibətlərin təqdirəlayiq olduğunu bildirdi. Azərbaycan və Türkiyə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair Prosedur Müqavilənin imzalanmasının xüsusi əhəmiyyət daşıdığını, işçilərin sosial-iqtisadi hüquqlarının təmin edilməsində bu Sazişin xüsusi rol oynayacağını vurğuladı. Vaxtilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və yaxından köməyi ilə yaradılmış Həmkarlar İttifaqlarının Əlaqələndirmə Şurasının işinə yüksək qiymət verərək, bu müsbət təcrübənin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırdı. Nazir həmkarlar ittifaqlarının işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında üzərlərinə düşən vəzifələrin önəmli olduğunu söylədi. Rəhbərlik etdiyi nazirliyin işçilərin sosial hüquqları ilə bağlı gördüyü işlər barədə də görüş iştirakçılarına məlumat verdi.
Görüşdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Şəmsəddin Xanbabayev iştirak etmişdir.