ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AzerTAg.az
Yanvarın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2003-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Əvvəlcə, ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
İclasda çıxış edənlər müstəqilliyin son on ili ərzində ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni sahələrdəki inkişafında Prezident Heydər Əliyevin misilsiz xidmətlərini, onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyində layiqli yerini tutduğunu vurğuladılar.
Bildirildi ki, ardıcıl surətdə aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifahının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Hesabat dövründə ölkə başçısının əhalinin sosial rifahının yüksəldilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamların, hökumətin qərarlarının icrası ilə bağlı böyük işlər görüldüyü də qeyd olundu.
Çıxış edənlər Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanından irəli sürülən vəzifələrin yerinə yetirilməsinin Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, eyni zamanda, sosial problemlərin daha miqyaslı həlli istiqamətində əhəmiyyətli rolu olacağını söylədilər.
Kollegiya iclasında müvafiq qərar qəbul olundu.
Xəbərin mətnində orfoqrafik səhv var