RƏSMİ XRONİKA
ƏMƏK VETERANI KAMİLXAN RÜSTƏMOVANIN ÇIXIŞI
Mən müstəqil Azərbaycanın azad qadını kimi danışmağımla fəxr edirəm. Bu, kimin sayəsində olmuşdur? Yarım əsrdən çox xalqına xidmət edən Heydər Əliyevin sayəsində olmuşdur!
Hörmətli cənab Baş nazir, mənim 57 yaşım var. Onun 40 ilini işləmişəm, zəhmətkeş qadın olmuşam. Haqqın tərəfində olmuşam, haqqla ucalmışam. Saxta işlərə yol verməmişəm. Vaxtilə Lenin ordeni almışam. Ona görə fəxrlə, qürurla deyirəm ki, indiyədək aldığım mükafatların hamısına Heydər atam qol çəkibdir. Mən ona görə işlərimlə fəxr etmişəm.
On ildir 58 rayona dağılmış Cəbrayılın anaları adından Sizə deyirəm. 10 ildir Biləsuvarda çadır düşərgəsində yaşayırdıq. Çox əzablı, əziyyətli günlər keçirmişik. Sənin özün də atanla gəlib o çadırları görmüsən. O, elə yer idi ki, televiziya yayda hava haqqında məlumat verəndə ki, bu gün 30 dərəcə isti var, çadırda 60 dərəcə isti olurdu. Biz ona görə dözürdük ki, müdrik siyasətçi, gözəl ağsaqqal, Allahdan hünər almış, Həzrət Əlidən qüdrət almış Heydər Əliyevə inanırıq.
Bəli, məndən əvvəl çıxış edən dedi, Heydər baba şəhid oğluna, şəhid qardaşına toy edib, qol qaldırıb toyda oynayıb, ananın ürəyinə toxtaxlıq veribdir. Mən dedim ki, imkanım olsaydı, Heydər Əliyev bir balaca narahat olanda onun dalınca Amerikaya gedərdim.
Cənab Heydər Əliyevin zəhməti biz cəbrayıllılara daha çoxdur. Ona görə ki, biz sözübütöv adamıq. Bizim iki üzümüz yoxdur, olanlara da yol verməyəcəyik. Bizim iki sifətimiz yoxdur, sözümüz birdir. Biz müdrik ağsaqqala, gözəl siyasətçiyə, Azərbaycanın haqq səsini dünyaya çatdıran rəhbərə xidmət etməliyik.
Hörmətli Baş nazir, mən bilirəm, sən elə Heydər nərin oğlu nər İlhamsan. Biz televiziya vasitəsilə bəzi insanların çıxışlarına qulaq asırıq. İnandırıram ki, on il bu əzaba dözmüşük, bir o qədər əsəbiləşməmişik, amma bəzi şərəfsiz, hörmətsiz adamlar danışanda əsəbiləşirik. Narahat oluruq, ona görə ki, bizə yaradılan bu gözəllik göz qabağındadır. İnanın, on il ərzində bir ev tikmək olmurdu. Bir dəfə yağışın yağması nəticəsində hər şey dağılırdı. Bir il yarım ərzində bu boyda şəhərciyi, inzibati binaları, məktəbləri, bağçaları tikdirib bizə verən hökumətimiz var. Biz onu ömür boyu, əbədi dəstəkləyəcəyik.
Hörmətli İlham müəllim, mən elə belə çıxışla kifayətlənmərəm. İmkanım və Sizin vaxtınız olsa, burada üç gün danışaram, amma yenə doymaram. Ona görə ki, ataların gözəl sözü var: çörək verənin çörəyini itirən adamın burnundan gələr. Mən o xain qüvvələrə deyirəm, oturduqları ev xeyirli olmasın. Bir gecə bərk yağış yağanda Heydər Əliyev səhərə qədər telefonun qabağında dayandı, bizim hər bir körpəmizlə maraqlandı. Qoymadı əlavə problemlər yarana. Siz onun oğlusunuz. Bizim yeganə ümidimiz Sizsiniz.
Evdə bir nəvəm var, səhərdən yalvarır ki, nənə məni də apar. İlham əminin mənim yaşda oğlu var, adı Heydərdir. Ona cansağlığı arzulayırıq. Allah anaların duasını eşidir, Cəbrayıl anaları adından arzu edirəm ki, Heydər atam Bakıya cansağlığı ilə dönsün. Sizin səyiniz nəticəsində torpaqlarımız, o cümlədən Cəbrayıl azad olunduqdan sonra, balaca Heydərlə Sizi evimə qonaq dəvət edəcəyəm.
X X X
Baş nazir İlham Əliyev mərasimdə çıxış etdi.