CƏMİYYƏT
AMAL layihəsi bölgələrdə gənclərin kənd təsərrüfatının hərəkətverici qüvvəsinə çevrilməsinə xidmət edəcək
Bakı, 8 fevral, AZƏRTAC
Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür və layihə çərçivəsində Gənc Fermerlər Hərəkatının əsası qoyulur. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Onun həyata keçirilməsi nəticə etibarı ilə aqrar sahəyə marağı artıracaq, innovasiyaların tətbiq edilməsinə səbəb olacaq və kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarını genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev AMAL layihənin əsas hədəflərini izah edərkən deyib.
Onun verdiyi məlumata görə, AMAL layihəsinin üstünlüyü ondan ibarətdir ki, iştirakçılar kompleks dəstək mexanizmi ilə təmin ediləcəklər: “AMALçı” olaraq bölgələrdəki gənclərə təşkilatlanma və mobilizasiya işində dəstək veriləcək, onlara biznesin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, innovativ layihələr təşviq ediləcək və onun icra olunması üçün istehsal vasitələri, kredit və qrantlar təklif olunacaq, davamlı olaraq pulsuz informasiya-məsləhət xidməti göstəriləcək və istehsal olunan məhsulun bazara çıxarılmasına şərait yaradılacaq. Bütün bunlar son nəticədə aqrotexniki tədbirlərin müvafiq tələblərə uyğun olaraq qurulmasına və ayrılmış kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə imkan yaradacaq”.
Mirzə Əliyev daha sonra deyib: “Layihə regionlarda kənd təsərrüfatı sahəsində müəyyən məşğuliyyəti və ya bu sahədə təcrübəsi olan 35 yaşa qədər innovativ ideyalı gəncləri əhatə edir. Layihənin icrası nəticəsində regionlarda yaşayan gənclərin məşğulluq imkanlarının artırılması və sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, yeni nəsil fermerlərin formalaşmasına, yaşıl texnologiyanın geniş tətbiq edilməsinə, aqrar ixtisaslara marağın artmasına, kiçik təsərrüfata sahib olan gənclərin birləşərək kooperativləşməsinə və beləliklə, təsərrüfatların və maliyyə imkanlarının genişlənməsinə şərait yaranacaq. Biznes ideyaları cəlbedici olan gənclərin layihələrinin maliyyələşdirilməsinə hər cür dəstək göstəriləcək”.