İQTİSADİYYAT
ƏMANƏTLƏRİN HƏCMİ 52,6 FAİZ ARTMIŞDIR
2003-cü il avqustun 1-nə respublikanın bankları tərəfindən cəlb olunmuş əmanət və depozitlərin ümumi həcmi 2862,3 milyard manat təşkil etmişdir. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, 2003-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 11,5 faiz, keçən ilin müvafiq dövründəkinə nisbətən isə 59,9 faiz çoxdur.
Bu məbləğin 517,4 milyard manatı (18,1 faizi) milli valyuta ilə, 2344,9 milyard manatı (81,9 faizi) xarici valyuta ilə qoyulmuş əmanətlərin payına düşür.
2003-cü il avqustun 1-nə fiziki şəxslər tərəfindən banklara 977,1 milyard manat vəsait qoyulmuşdur ki, bu da 2003-cü il yanvarın 1-nə nisbətən 27,3 faiz, 2002-ci il avqustun 1-nə olan göstəricidən isə 52,6 faiz çoxdur.
Göstərilən müddətdə hüquqi şəxslər tərəfindən banklara 1885,2 milyard manat məbləğində depozitlər qoyulmuşdur, bu da cari ilin yanvarın 1-nə olan göstəricidən 26,5 faiz, 2002-ci il avqustun 1-nə olan göstəricidən isə 64 faiz çoxdur.