CƏMİYYƏT


AMCHAM Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar təşəbbüsünü alqışlayır

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanmasını və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsini dəstəkləyir.

AmCham-ın icraçı direktoru xanım Natəvan Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, Fərman məhkəmə hakimiyyəti sahəsində islahatların dərinləşdirilməsi və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir. Fərman, həmçinin məhkəmələrdə qərəzsizlik və şəffaflığın daha da artırılmasını təmin edəcək.

Bu sənədin iqtisadi əhəmiyyətindən danışan N.Məmmədova qeyd edib: “Fərman Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayacaq. Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək. Bu da sahibkarların fəaliyyətinə müsbət töhfə verəcək”.

“Mediasiya haqqında” Qanuna münasibət bildirən N.Məmmədova qeyd edib ki, qanunun qəbulu hüquq sistemində əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir. Mediasiya institutu Azərbaycanda mübahisələrin alternativ üsulla həllinə şərait yaradacaq yenilikdir. Qanunun tətbiqi mübahisələrin həllində yeni mərhələyə təkan verəcək. Bu institutun məhkəmələrdən əsas fərqi odur ki, mübahisələr mediatorlar vasitəsilə məhkəməyə çatmadan həll edilə biləcək. Ona görə də bu, həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaq.

Qeyd edək ki, AmCham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəal olan 260-dan çox üzv şirkəti sıralarında birləşdirir. AmCham ölkədə bütün xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.