ELM VƏ TƏHSİL


AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti təhlil olunub

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, həmçinin bölmənin nəşr fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlərdən və planlardan danışıb. Akademik İ.Hüseynova bölmənin institutları tərəfindən mütəmadi olaraq “AMEA-nın məruzələri” və “Həyat elmləri və biotibb” jurnallarında dərc edilməsi üçün elmi məqalələrin hazırlanmasının vacibliyini vurğulayıb.

İclasda institut rəhbərlərinə elmi müəssisələrdə aparılan tədqiqatların müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmi istiqamətlərə yenidən baxılması ilə bağlı təklifləri sentyabr ayına kimi bölməyə təqdim etmələri tapşırılıb.

Daha sonra akademik İ.Hüseynova avqustun 4-də və 5-də keçirilməsi planlaşdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfransa hazırlıq işləri ilə bağlı məlumat verib, tədbirin Azərbaycanda bu mövzuda ilk elmi konfrans olduğunu bildirib. O, alimləri beynəlxalq tədbirdə fəal olmağa çağırıb.

AMEA-nın vitse-prezidenti bu il bölmə institutlarının magistraturasına 16 nəfərin qəbul olunduğunu söyləyib, növbəti qəbul üçün sifarişlərin verilməsi, prioritet ixtisasların seçilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb.

Elmi şuranın sədri, həmçinin AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı müzakirələrin davam etdiyini bildirib, bununla bağlı görüləcək işləri diqqətə çatdırıb.

Daha sonra şura üzvləri çıxış edərək regionlarda ekspedisiyaların keçirilməsi, çöl tədqiqatlarının aparılması ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov akademiyanın yüksəkixtisaslı alim və mütəxəssislərinin təhsil prosesinə cəlb edilməsi təklifini irəli sürüb.

Onlayn iclasda AMEA Dendrologiya İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, eləcə də bölmə üzrə bir sıra elmi-təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.