ELM VƏ TƏHSİL


AMEA Biologiya və Tibb Elmləri Bölməsinin magistrantları imtahan veriblər

Bakı, 28 yanvar, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında biologiya ixtisası üzrə təhsil alan birinci kurs magistrantları biologiyanın müasir problemləri ixtisaslaşma fənni üzrə imtahan veriblər. İmtahanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan 10 magistrant, Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant, Mikrobiologiya İnstitutundan 3 magistrant, Botanika İnstitutundan 2 magistrant iştirak edib.

AMEA-nın magistraturasında ilk dəfə olaraq bir ixtisas kursunun tədrisinə Biologiya və Tibb Elmləri Bölməsinin müxtəlif institutlarından 7 müəllim cəlb edilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Kembric Universitetinin professoru, MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri Qərib Mürşüdov, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Nurməmməd Mustafayev, Ələmdar Məmmədov və Samirə Rüstəmova, Mikrobiologiya İnstitutundan AMEA-nın müxbir üzvü Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutundan biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov müasir biologiyanın müxtəlif istiqamətlərində mövcud olan aktual problemlər və həll olunmamış məsələlər barədə ən son elmi yenilikləri magistrantlara çatdırıblar.

Magistrantlar tədris prosesində əldə edilmiş bilikləri imtahanda uğurla nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.