ELM VƏ TƏHSİL
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilmişdir
Bakı, 6 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, büro üzvləri və institut direktorlarının iştirak etdikləri iclası giriş sözü ilə açan FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
İclasda “Azərbaycan Respublikası Prezidentinin “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2012-ci il 5 noyabr tarixli Fərmanının icrası haqqında” AMEA-nın 2012-ci il 21 noyabr tarixli Sərəncamının və “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında” AMEA-nın 14 yanvar 2013-cü il tarixli Sərəncamının icrası məsələləri müzakirə olunmuşdur.
Tədbirdə, həmçinin akademik Çingiz Cuvarlının 100 illik, AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 60 illik yubileylərinin keçirilməsi, Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Kibernetika İnstitutunda keçirilmiş attestasiyanın nəticələri, Kibernetika və İnformasiya Texnologiyaları institutlarında elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 2012-ci ildə keçirilmiş qəbulun nəticələri haqqında da fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Radiasiya Problemləri İnstitutunun “Radiasiya tədqiqatları” (“Radiation Research”) adlı elmi jurnalının nəşri, riyaziyyat üzrə elmlər doktorları K.Mənsimov, M.Mərdanov və T.Məlikovun birgə yazdıqları “İssledovaniye osobıx upravleniy i neobxodimıye usloviya optimalnosti vtoroqo poryadka v sistemax s zapazdıvaniyem” adlı monoqrafiyaya qrif verilməsi məsələlərinə də baxılmışdır.
İclasda Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər planının hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığı qeyd edilmiş, bu məsələ ilə bağlı təkliflər müzakirə olunmuşdur.
Sonda bir sıra kadr məsələlərinə də baxılmışdır.