ELM VƏ TƏHSİL
AMEA Gəncə Bölməsində dəyirmi masa: Ziyalı sözünün qüdrəti
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA Gəncə Bölməsində 12 Noyabr - Konstitusiya Günü münasibətilə “Ziyalı sözünün qüdrəti” mövzusunda dəyirmi masa keçirilib. İctimai-Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin təmsil olunduğu və AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə elmi müəssisənin kollektivi, tarixçi-alimlər, ziyalılar iştirak ediblər.
Akademiyanın Gəncə Bölməsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Konstitusiya Gününə həsr edilmiş videoçarxın nümayişi ilə başlanıb. Dəyirmi masanı AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq bayram münasibətilə iştirakçıları təbrik edib, Konstitusiyanın qəbulu tarixinə toxunub, ölkəmizin Əsas Qanununun mükəmməlliyi, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunun təminində ümummilli lider Heydər Əliyevin rolunu yüksək qiymətləndirib.
Mərasimdə İctimai-Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, “Dövlət və qanun” qəzetinin Baş redaktoru Yasəmən Əsgərova, “Böyük millət.com” informasiya portalının redaktoru Sima Babayeva və başqaları çıxışlarında Konstitusiyamızın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratdığını xüsusi vurğulayıblar. Qeyd edilib ki, Konstitusiyamızda əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulub və Azərbaycan xalqı ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi elan olunub. Konstitusiya ölkəmizdə demokratik dəyişikliklərə yol açıb və bütün sahələrdə inkişafa təkan verib. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bir çox sahələrində əhəmiyyətli yüksəlişə nail olunub, insan haqlarının təmini sahəsində nəzərəçarpacaq dəyişikliklər baş verib.
Çıxışlarda siyasi, hüquqi və iqtisadi sistemlər təsbit edən Konstitusiyanın demokratik prinsiplər əsasında yaşamasında ziyalı sözünün vacibliyi xüsusi vurğulanıb. Tədbirin sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə İctimai-Siyasi Prosesləri Beynəlxalq Araşdırma Mərkəzinin təşəkkürnaməsi təqdim olunub.