SİYASƏT


AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir

Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC

Son illər Gəncədə aparılan abadlıq-quruculuq işləri, şəhərimizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hər bir gəncəlini sevindirir. Ölkəmizin inkişafını istəməyən qüvvələr bu gün hər cür yolla buna mane olmağa çalışırlar. Lakin xalqımız hər zaman bu qüvvələrə öz layiqli yerini göstərib. Gəncədə baş verən son hadisələr də bunu bir daha nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində AMEA Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov deyib.

O bildirib ki, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə son illərdə tarixiliyini qorumaqla sürətlə müasirləşib, inkişaf edib: “Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarının vaxtlı-vaxtında yerinə yetirilməsi nəticəsində şəhərimiz özünün tarixi əzəmətini bərpa edib, elm, təhsil, mədəniyyət, səhiyyə, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində, nəqliyyat infrastrukturunda hərtərəfli yüksəliş yaşanıb. Ulu öndər Heydər Əliyev ideyalarının təbliğ edildiyi mühüm mərkəz olan Gəncədə Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi Muzeyi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi, Məhsəti Gəncəvi Mərkəzi, Mirzə Şəfi Vazeh Muzeyi, Miniatür Kitab Muzeyi, İmamzadə ziyarətgahında "Dini və tarixi kitablar muzeyi", Urban Mərkəzi kimi möhtəşəm memarlıq abidələrinin inşa edilməsi sayəsində şəhərimiz açıq səma altında sanki tarixi muzeyə çevrilib. Son illər Gəncədə Bakı Beynəlxalq Humanitar Forumunun, Nizami Gəncəvi Mərkəzinin, Madrid Klubunun üzvləri olan dünyanın tanınmış dövlət və hökumət rəhbərlərinin, Nobel mükafatçılarının, görkəmli şərqşünas alimlərin iştirak etdikləri mötəbər beynəlxalq tədbirlər, Nizami Gəncəvinin 870 və 875 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, Mirzə Şəfi Vazehin 220 illik yubiley tədbirləri keçirilib. Biz gənclər milli-mənəvi dəyərlərin qorunduğu, tarixi abidələrin mühafizə və bərpa edildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək zövqlə və uğurla həyata keçirildiyi, dövlətə, dövlətçiliyə sədaqətin daim təbliğ edildiyi şəhərimizin məhz dövlətimizin gələcəyi olan gənclərə böyük diqqət və qayğı sayəsində son illərdə Azərbaycanın ilk "Gənclər paytaxtı", "Avropa Gənclər Paytaxtı", "MDB-nin Mədəniyyət Paytaxtı", "Avropanın İdman şəhəri" layihələrinin qalibi kimi tariximizə qızıl hərflərlə həkk olduğunu qürurla qeyd edirik”.

“Bu gün Gəncə şəhəri öz inkişafının intibah dövrünü yaşayır və şəhərimizin hər bir sakini bu tərəqqidən qürur duyur. Bu inkişafı gözü götürməyən mənfur qüvvələrin son terror əməllərini gənc alimlər olaraq qətiyyətlə pisləyir və günahkarların cəzalandırılacağına əminliyimizi bildiririk. Elmi, intellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir”, - deyə Elnur Həsənov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.