AMEA Geologiya İnstitutunun kompyuter şəbəkə infrastrukturunun yenidən qurulması prosesi başa çatmışdır
AzerTAg.az
Bakı, 4 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda lokal kompyuter şəbəkə (LKŞ) infrastrukturunun yenidən qurulması prosesinin başa çatması ilə bağlı təqdimat keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “AzScienceNet” elm kompyuter şəbəkəsinin (EKŞ) mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında ətraflı məlumat vermişdir.
TERENA təşkilatının tələblərinə müvafiq olaraq AzScienceNet EKŞ-nin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı bir sıra təşkilati-texniki tədbirlərin həyata keçirildiyini bildirən R.Əliquliyev bu məqsədlə AMEA-nın institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunduğunu, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradıldığını nəzərə çatdırmışdır.
AMEA-nın institut və təşkilatları üçün yeni İnternet xidmətlərinin göstərilməsi işlərindən söhbət açan alim AzScienceNet-in idarəetmə sisteminin təkmilləşdirilməsi və infrastrukturunun genişləndirilməsi ilə bağlı kompleks işlərin aparıldığını da qeyd etmişdir.
Sonra AMEA Geologiya İnstitutunun LKŞ-nin layihəsi təqdim edilmiş və bu istiqamətdə görülən tədbirlərin başa çatdırıldığı bildirilmişdir.
Qeyd olunmuşdur ki, Geologiya İnstitutunun LKŞ-nin intellektual kommutatorlar əsasında yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilmiş, institutda Wi-Fi və Eduroam xidmətləri yaradılmış, LKŞ-nin infrastrukturu yenidən qurulmuşdur. İnstitutun LKŞ-si fiber-optik kabel vasitəsilə AzScienceNet EKŞ-nin qovşağına qoşulmuşdur.
Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə institutun LKŞ-nin infrastrukturunun yenidən qurulması işlərinin yüksək səviyyədə həyata keçirildiyini və görülən işlərin qurumun gələcək fəaliyyətinin səmərəli təşkilində, həmçinin institutun alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasında mühüm rol oynayacağını bildirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var